Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxana Almaniyanın müəssisələri ilə beynəlxalq əməkdaşlığı davam etdirir
01.03.2021 13:44
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Almaniyanın müəssisələri ilə beynəlxalq əməkdaşlığı davam etdirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) uzun müddətdir Almaniyanın Senkenberq Araşdırmalar İnstitutu və Təbiət Tarixi Muzeyi ilə beynəlxalq mübadilə çərçivəsində əməkdaşlıq edir. Tərəflər arasında yazışmalar aparılır, sorğular göndərilir, sifariş vərəqələri təqdim olunur, həmçinin qeyd edilən istiqamətlər üzrə qarşılıqlı müraciətlər yerinə yetirilir.

Sözügedən beynəlxalq qurumların ölkəmizdə botanika üzrə nəşr olunan elmi əsərlərə və kitablara xüsusi marağı var. Belə ki, Təbiət Tarixi Muzeyi ötən ilin dekabr ayında Mərkəzi Nəbatat Bağının 2019-cu ildən etibarən nəşr olunan “Mərkəzi Nəbatat Bağının Əsərləri” elmi jurnalının çap variantını əldə etmək üçün sorğu göndərib. Bununla bağlı, MEK müvafiq müəssisə və nəşriyyatla əlaqə saxlayaraq sorğunu yerinə yetirib və jurnal sözügedən təşkilata göndərilib. Habelə cari ilin yanvar ayında “Botanika dünyası” elmi jurnalının beynəlxalq mübadilə çərçivəsində əldə edilməsi ilə bağlı sorğu daxil olub və müsbət istiqamətdə öz həllini tapıb.

Ölkəmizdə çıxan elmi əsərlərin xarici dövlətlərə göndərilməsi jurnalların nəşr olunduğu müvafiq institutlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Azərbaycan alimlərinin əsərlərinin xarici ölkələrdə tələbata səbəb olması və təbliğ edilməsi Azərbaycan elminə verilən töhfənin bir nümunəsi kimi dəyərləndirilir.

Öz növbəsində MEK ekvivalentliyin qorunması məqsədilə Azərbaycan alimlərinin elmi nailiyyətlərində rol oynayacaq jurnalların əldə edilməsi ilə bağlı müraciət ünvanlayıb, Almaniyanın müvafiq təşkilatı 2 adda yeni jurnalın intensiv olaraq göndərilməsini təmin edib.

Həmçinin sözügedən təşkilatlardan beynəlxalq mübadilə çərçivəsində bir sıra nəşrlər əldə olunub, MEK tərəfindən isə “AMEA-nın Xəbərləri (Fizika-texnika və riyaziyyat elmləri seriyası)”, “AMEA-nın Xəbərləri (Yer elmləri seriyası)” jurnalları və s. nəşrlər göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: