AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə institutun baş direktoru, akademik Əli Abbasov, icraçı direktor, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov və high performance computing (HPC) üzrə rektor müşaviri, professor Ehsan Musəvi iştirak ediblər.
Görüşdə 9 mart 2021-ci il tarixində iki qurum arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ADNSU-nun bazasında olan HPC-nin imkanlarından istifadə edərək bir sıra fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılması barədə fikir mübadiləsi aparılıb.
E.Musəvi böyük həcmli və yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə edilən, hazırda müasir elmi tədqiqatlarda geniş istifadə olunan HPC-nin imkanlarından söz açıb və onun kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi müxtəlif elm sahələrində geniş tətbiq imkanlarına malik olduğunu qeyd edib.
Sonra Ə.Abbasov İSİ-nin müvafiq laboratoriyalarında yüksək sürət tələb edən tətbiqi məsələlərinin həlli istiqamətində HPC-dən istifadənin zəruriliyini və böyük əhəmiyyət kəsb edəcəyini bildirib.
Görüş zamanı HPC vasitəsilə məsələlərin həlli metodlarının müzakirəsi və HPC-nin imkanları ilə tanışlıq məqsədilə cari ilin aprel ayında İSİ alimlərinin iştirakı ilə ADNSU-da geniş seminarın keçirilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.