Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qarabağda alban irsimiz və Azıx mağarasının tədqiqatları
27.03.2021 17:08
  • A-
  • A
  • A+

Qarabağda alban irsimiz və Azıx mağarasının tədqiqatları

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə ölkəmizin, xalqımızın həyatında yeni tarixi mərhələ başlanmışdır. Bu qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltdi, dünya siyasətində mövqeyini daha da möhkəmlətdi. Dünyanın ən qüdrətli dövlətləri Qarabağ uğrunda 44 gün davam etmiş müharibədə Azərbaycanın hərbi əməliyyat təcrübəsini öyrənir və buna uyğun olaraq öz ordularında köklü dəyişikliklər edirlər.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə davam edir. Həmin ərazilərə ardıcıl səfərlərində ölkə başçısı bu işləri diqqətdə saxlayır və növbəti tapşırıqlarını verir. Prezident hər bir səfərində, çıxışlarında işğaldan azad edilmiş rayonlarda tarixi abidələrin vəziyyətini diqqətə çəkir, bir sıra abidələrimizin ermənilər tərəfindən saxtalaşdırılmasını, digərlərinin, eyni zamanda dini abidələrimizin tamamilə dağıdılmasını xüsusi vurğulayır.

Martın 15-də cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfər etmişdilər. Bu səfər zamanı da Prezidentin qaldırdığı əsas məsələlərdən biri tarixi abidələrin vəziyyəti olmuşdur. Xocavənd rayonundakı tarixi irsimizin yadigarları olan alban məbədlərinin vəziyyəti ilə tanış olan cənab Prezident Hünərli kəndindəki alban məbədinin ermənilər tərəfindən yararsız hala salınmasına diqqəti yönəldərək haqlı olaraq demişdir ki, bu, erməni kilsəsi olsaydı, onlar bunu bu vəziyyətə salmaz və təhqir etməzdilər. Tuğ kəndindəki alban məbədində olarkən bu abidənin də ermənilər tərəfindən saxtakarlığa məruz qaldığını bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, “Ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu alban məbədini qoruyacaq”.

İşğal dövründə Azərbaycanın həm xristian, həm də İslam mədəniyyəti irsinə qarşı vandallıq göstərən ermənilər yaxın günlərdə daha bir riyakarlıq edərək guya azərbaycanlıların Cəbrayıl rayonunda erməni tarixi irsinə aid kilsəni dağıtdıqları barədə car çəkirlər. Halbuki Cəbrayılda heç bir zaman ermənilər yaşamamışdır və müvafiq olaraq orada erməni tarixinin izləri də yoxdur. Əslində, söhbət işğal dövründə, işğalçı erməni hərbçilərinin dini əməllərinin icrası üçün 2017-ci ildə istifadəyə verilmiş müasir binadan gedir. Ermənilər belə hesab edirlər ki, yüzlərlə kəndlərimizi, şəhərlərimizi viran qoyub özləri üçün kilsə inşa edib bunu tarixi abidə elan edə bilərlər və onların məntiqinə görə bu, normal bir haldır. Bu son hadisələr bir daha sübut edir ki, “erməni” adlı xəstəliyin ən yaxşı müalicəsi Azərbaycan əsgərinin zərbələridir. Buna görə də bu xəstəliyin 44 günlük “müalicəsi kursunu” təlimlərlə tez-tez təkrarlamaq və “reseptini” daima təkmilləşdirmək lazımdır.

Dünyaca məşhur Azıx mağarası da işğal müddətində erməni saxtakarlığından kənarda qala bilməmişdi. Azərbaycanda ən qədim insan düşərgəsi olan bu abidədə ermənilər digər ölkələrin alimlərini də cəlb etməklə beynəlxalq qanunlara zidd arxeoloji qazıntılar aparmışlar. Azıx mağarasının önündə çıxış edən dövlət başçısı bildirmişdir ki, bu mağaranı azərbaycanlı alim Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Cənab Prezident qeyd etmişdir ki, Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır və vurğulamışdır ki, bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

Yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən yeganə abidədir. Ocaqların (700 min il əvvəl), tikili qalığının (350-400 min il əvvəl) aşkar edildiyi Azıx mağarası bu göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Ümumiyyətlə, Azıx mağarası dünya arxeologiya elmində müstəsna əhəmiyyətə malik abidələrdəndir.

Azıx mağarasını aşkar etmiş və orada 20 ildən artıq intensiv tədqiqatlar aparmış, adını cənab Prezidentin xüsusilə vurğuladığı professor Məmmədəli Hüseynovun (1922-1994) 2022-ci ilin aprel ayında anadan olmasının 100 ili tamam olacaqdır. Bu görkəmli alimin yubileyinin beynəlxalq elmi konfrans keçirməklə qeyd edilməsi növbəti ildə əsas elmi tədbirlərdən biri olmalıdır. Bunun üçün indidən hazırlıq işlərinə başlanılmalı, təşkilat komitəsi (və ya işçi qrup) yaradılmalıdır. Bu konfransda xarici ölkələrin Paleolit (qədim daş) dövrü tədqiqatçılarının sanballı nümayəndələrinin iştirakı təmin edilməlidir. Konfrans çərçivəsində iştirakçıların Azıx mağarasına səfərinin təşkil edilməsi olduqca vacibdir. Əlbəttə, bu nadir abidə elmin müasir tələbləri əsasında yenidən tədqiq edilməlidir. Bu konfransın təşkili Azıx mağarasının tədqiqatları ilə bağlı cənab Prezidentin çağırışlarının həyata keçirilməsi istiqamətində ilk addımlardan biri ola bilər.

Nəcəf MÜSEYİBLİ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: