Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Xacə Nəsirəddin Tusiyə həsr olunan növbəti buraxılışı yayımlanıb
30.03.2021 17:01
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Xacə Nəsirəddin Tusiyə həsr olunan növbəti buraxılışı yayımlanıb

Martın 29-da “Mədəniyyət” kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışı dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Xacə Nəsirəddin Tusinin 820 illik yubileyinə həsr olunub.

Verilişdə Xacə Nəsirəddinin macəralı ömründən, parlaq yaradıcılığından bəhs olunub, müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkilib.

Bildirilib ki, Nəsirəddin Tusi elmin ən müxtəlif sahələrinə dair çoxlu sayda risalələrin müəllifi olub. Onun qələmindən çıxan yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. R.Hüseynov əlavə edib ki, N.Tusi özünün elm sahələrində eyni anda uğur qazanmasının səbəbini gecə-gündüz mütaliə ilə məşğul olmasında görürdü.

R.Hüseynovun sözlərinə görə, N.Tusi daima elmin sərt çərçivələrindən kənara qanadlanmağa can atmış, şeirə böyük maraq göstərib. O, bir tərəfdən şeir nəzəriyyəsinə dair bu gün də köhnəlməyən sanballı əsərlər yazıb, digər tərəfdən isə incə ruhun ifadəsi olan rübailər və qəzəllər yaradıb.

Akademik Tusinin Marağa rəsədxanasını yaratmaq üçün Hülaku xandan razılıq almasından bəhs edib. Onun rəsədxanada araşdırmalar aparmaq üçün öz “həmnəfəslərini” bir araya gətirdiyini, dünyanın bir çox ölkələrindən alimlər dəvət etdiyini vurğulayıb. O, rəsədxananın nəzdində 400 min kitabın saxlandığı kitabxanadan söz açaraq, Nəsirəddinin bu kitabların çoxunu oxuduğunu da diqqətə çatdırıb.

Yaxın və Orta Şərqin 30-dan artıq ölkəsində məşhur olan lətifə qəhrəmanı Molla Nəsrədinin bir çox mənbələrdə Xacə Nəsirəddin Tusi olduğunu təsdiqləyən faktlara rast gəlindiyini söyləyən R.Hüseynov Tusinin məzəli sözləri, iti ağlı, hazırcavablığı və Molla Nəsrəddin ovqatlı sözlərinin bu ehtimalları artırdığını deyib, həmin ovqatın Xacə Nəsirəddinin şeirlərində də hiss edildiyini qeyd edib: “N.Tusinin Molla Nəsrəddin lətifələrinə xas olan üslubu Molla Nəsrəddin silsiləsinin başlanğıcını yaradıb. Sonralar isə Şərq ölkələrindən bu ovqatlı əhvalatlar Molla Nəsrəddin lətifələri adı altında geniş yayılmağa başlayıb”.

Sonda akademik R.Hüseynov qeyd edib ki, Tusi hər zaman həmvətənlərini sağlam düşüncəli, etiqadlı və gələcəyə inamlı görmək istəyirdi. O, ilk növbədə, övladlarını yaxşı tərbiyə etmək üçün “Əxlaqi-Nasiri” əsərini yazıb. Aradan 8 əsr keçməsinə baxmayaraq, əsər bu gün də aktuallığını qoruyub saxlayıb, yeni-yeni nəsillərin tərbiyəsində böyük rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: