www.science.az
07.04.2021 12:58

Kimyaçı alimlər Kazanda keçirilən konfransda iştirak ediblər

AMEA-nın Polimer Materialları İnstitutunun əməkdaşları Rusiya Federasiyanın Kazan şəhərində keçirilən XV Beynəlxalq “Yüksəkmolekullu birləşmələrin sintezi, xassələrinin tədqiqi, modifikasiyası və emalı” konfransında iştirak ediblər.

Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun və laboratoriyanın gənc alim və mütəxəssislərinin təqdim etdikləri 7 məruzə Polimerlər İnstitutunun 50 illiyinə həsr olunan konfransın toplusunda nəşr olunub.

Təqdim olunan tezislərdə polimer kompozitlərin, nanokompozitlərin mexaniki-kimyəvi sintezi, tədqiqi və tətbiqi istiqamətləri araşdırılıb. Həmçinin poliolefin-mineral əsaslı yanmayan kompozitlərin, yüksək möhkəmliyə malik yeni tip dinamiki vulkanlaşmış nanokompozitlərin (elastoplastların), yarım keçirici xüsusiyyətiləri ilə fərqlənən kompozitlərin, ucuz və yüksək möhkəmliyə malik polimer-termokül nanokompozitlərin alınması və tədqiqi ilə əlaqədar geniş məlumat verilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.