Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib
08.04.2021 15:37
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının onlayn iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Əvvəlcə akademik İradə Hüseynova AMEA-da son dövrlərdə aparılan islahatların getdikcə daha məqsədyönlü xarakter almasından, buna uyğun olaraq elmi tədqiqat müəssisələrinin strukturlarının optimallaşdırılması ilə bağlı atılan addımlardan və bu sahədə planlaşdırılan işlərdən danışıb.

Məsələ ətrafında müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Tofiq Məmmədov, Zeynal Əkpərov, biologiya elmləri doktoru Ulduz Həşimova və digərləri çıxış edərək təkliflərini səsləndiriblər.

Akademik İradə Hüseynova ən qısa zamanda mandatlarına, elmi işlərin spesifikliyinə uyğun olaraq institutların strukturlarının layihələrinin hazırlanaraq müzakirəyə çıxarılması ilə bağlı tapşırıqlarını verib və bildirib ki, strukturlar rəsmi təsdiq edildikdən sonra müvafiq ştatlar üzrə kadrların seçilməsi və yerləşdirilməsi məsələlərinə baxılacaq.

Daha sonra gündəlikdəki digər məsələlərin müzakirəsi aparılıb. 2021-ci ildə doktorantura və dissertanturaya qəbul olunanların dissertasiya mövzularının təqdim edilməsi barədə BTEB-in elmi təşkilatlarına tapşırıqlar verilib.

Sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

İclasın gündəliyində yer alan növbəti məsələ BTEB-in elmi təşkilatlarında Gənc Alim və Mütəxəssislər şuralarına yeni sədrlərin seçilməsi ilə bağlı olub. Akademik İradə Hüseynova bu vəzifələrə layiqli namizədlərin seçildiyini məmnunluq hissi ilə bildirib.

Daha sonra akademik Musa Musayevin 100, AMEA-nın müxbir üzvləri Rafiq Qasımovun 90, Maqsud Qurbanovun 80, Amin İsmayılovun 70, Zoologiya İnstitutunun əməkdaşları – biologiya elmləri doktorları Mahir Hüseynov, Şaiq İbrahimov və Şəfiqə Topçiyevanın 70 illik yubileyləri, həmçinin Zoologiya İnstitutunun 85 illiyinin keçirilməsi haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: