Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsi 2013-cü ildəki fəaliyyəti haqqında hesabat verdi

AMEA Naxçıvan Bölməsi 2013-cü ildəki fəaliyyəti haqqında hesabat verdi

AMEA Rəyasət Heyətinin iclasında Naxçıvan Bölməsinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabat məruzəsi ilə bölmənin sədri akademik İsmayıl Hacıyev çıxış edib.

İ.Hacıyev 2013-cü ildə bölmənin tərkibindəki elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixi, mədəniyyəti, təbii sərvətlərinin əhatəli şəkildə öyrənilməsinin 6 elmi istiqamətdə 7 mövzuya daxil оlan 34 iş və 95 mərhələdə yerinə yetirildiyini söyləyib. O, hesabat ilində 10 mühüm elmi nəticənin əldə edildiyini bildirib.

2013-cü ildə Naxçıvan Bölməsi əməkdaşlarının 6 kitab, 23 monoqrafiya, 2 metodik vəsait, 507 elmi məqalə olmaqla 538 elmi əsəri çap olunmuşdur. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 129 məqalə və konfrans materialı xaricdə çapdan çıxmışdır. Bunlardan 2 məqalə impakt faktorlu jurnallarda dərc olunmuş, 23 elmi əsərə istinadlar qeydə alınmışdır. Bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 4 nömrəsi çapdan çıxmışdır.

2013-cü ildə əməkdaşlardan kim.ü.e.d. B.Rzayev, kimya üzrə fəlsəfə doktoru Ə.Qarayev və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru M.Hüseynəliyev 3 patent almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant layihələri müsabiqəsində “I Kültəpə və onun ətrafında araşdırmalar”, “Naxçıvan folklorunun toplanması, tədqiqi və nəşri” və “Batabat Astrofizika Rəsədxanasının fotometrik cihazlarla təmini” mövzusunda qrant layihələri qalib olmuşdur.

Hesabat ilində AMEA Naxçıvan Bölməsində 30 konfrans və tədbir, 12 iclas, 38 seminar keçirilmişdir.

2013-cü ildə bölmənin sədri ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı Komissiyasının üzvü təsdiq edilmişdir. Akademik İ.Hacıyev, müxbir üzvü T.Talıbov və prof. F.Səfərli Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Qızıl medal”ına layiq görülmüşlər.

2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı AMEA Naxçıvan Bölməsində Tədbirlər Planı təsdiq edilmişdir. Bölmənin ameanb.nakhchivan.az İnternet portalı yenilənmiş, e-kitab.ameanb.nmr.az ünvanlı elektron kitabxanası yaradılmış, milli irsimiz və mədəniyyətimizlə bağlı elmi materialların virtual məkanda yerləşdirilməsi ilə bağlı işlər aparılmışdır. Bundan əlavə, bölmənin Elektron Kitabxanası istifadəyə verilmişdir.

Hesabat ilində bölmənin Elmi Kitabxanasına 1654 ədəd çap məhsulu daxil olmuşdur. Bunlardan 602 ədədi Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr edilmiş kitablardan ibarətdir. Daxil olan kitabların 914 ədədi Azərbaycan, 35 ədədi rus, 11 ədədi isə Qərbi Avropa və Şərq dillərində çap olunmuşdur.

Məruzədən sonra bölmənin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq olunub, bölmənin elmi müəssisələrində alınmış mühüm elmi nəticələr AMEA-nın illik hesabatına daxil edilib. Naxçıvan Bölməsinin digər elm və tədris müəssisələri ilə elmi əlaqələrinin genişləndirilməsi və birgə elmi tədqiqat işlərinin aparılması, bölmənin xarici ölkələrlə olan elmi əlaqələrinin daha da möhkəmləndirilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: