Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib
26.02.2014 00:00
  • A-
  • A
  • A+

“Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib

AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş nitqi ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev çoxcildliyin birinci cildinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, gərgin və məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlmiş bu cild Naxçıvanın qədim zamanlardan başlayaraq XVIII əsrin 40-cı illərinədək olan dövrünü əhatə edir. 7 fəsildən ibarət olan nəşrdə 500-dən çox mənbə və ədəbiyyatdan istifadə edilib, Naxçıvanın bu dövrə aid tarixi-siyasi xronologiyası yaradılıb. Kitabda 20-yə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş 100-ə yaxın maddi-mədəniyyət nümunələri, 60-dan çox kitabə və tarixi abidənin fotoşəkilləri yerləşdirilib.

Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov bildirib ki, kitab NMR Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən çap olunub. Sərəncamda qeyd olunur ki, “Azərbaycanın Naxçıvan Muxtar Respublikası böyük bir tarixi keçmişə malikdir. Aparılan elmi-tədqiqatlar NMR-in yerləşdiyi ərazinin bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olduğunu sübut edir. Bu ərazi antik, orta əsrlər və müasir mədəniyyət nümunələri və tarixi abidələrlə – ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, qədim şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir”.

Muxtar respublikada ulu öndərin irəli sürdüyü “gələcək nəsillər üçün tarixi əsas”ın yaradılması işinə 1996-cı ildən başlanmışdır. Həmin il keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin öyrənilməsində mühüm mərhələ təşkil edib. Simpoziumdakı proqram xarakterli çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bildirib ki, “...tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmalar ön mövqeyə çəkilməlidir. Çünki müstəqillik dövrünə keçidin əsas xüsusiyyətlərindən biri olan milli-mənəvi özünüdərketmə prosesinin dərinləşməsi və sağlam əsaslar üzrə inkişaf etdirilməsi, ilk növbədə, xalqın öz tarixi keçmişinə, dilinə, milli ənənələrinə bələd olmasına, yiyələnməsinə zərurət doğurur... Bütün bunlar isə, ilk növbədə, Naxçıvanın yeni istiqamətdə, yeni milli ruhda və gerçək mənbələr əsasında, milli mənafe əsas götürülməklə əsl tarixinin yazılmasını meydana çıxarmalıdır. Bizə görə “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumunun materialları ən yaxın dövrdə yazılacaq Naxçıvan tarixinin proqramı, eskizi, bəlkə də, əsas istiqaməti olacaqdır”.

Göründüyü kimi, V.Talıbov özünün əsas ideya rəhbəri və yaradıcısı olduğu fundamental “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasına hələ 1996-cı ildən başlayıb. Həmin simpoziumdan ötən 18 il ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında xeyli iş görülüb. Naxçıvanın öyrənilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılıb, muxtar respublika tarixinin ayrı-ayrı dövrlərinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilib. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılaraq əldə olunmuş materiallar əsasında “Naxçıvan Abidələri Ensiklopediyası” hazırlanıb. İkicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası” kimi mühüm elmi dəyərə malik kitablar, ümumilikdə, 1200-dən çox kitab, ensiklopediya, monoqrafiya, dərs vəsaiti, broşüra, elmi məqalə və tezislər çap olunub, doktorluq və namizədlik dissertasiyaları müdafiə edilib.

Vurğulanıb ki, son dövrlərdə aparılan araşdırmalar nəticəsində Naxçıvanın mədəniyyəti, tarixi və abidələri, arxeologiya və etnoqrafiyası, təbii sərvətləri müxtəlif tədqiqatların predmetinə çevrilib. Yeni elmi istiqamətlər müəyyənləşdirilib və bir sıra nəticələr əldə olunub. Bununla yanaşı, Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması, keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində mühüm elmi dəyərə malik olan materialların əldə edilməsi də “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması üçün əsas yaradıb. Bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2012-ci il 6 avqust tarixli Sərəncamla “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasını qərara alıb.

Kitab hazırlanarkən ilk dəfə olaraq Naxçıvan əhalisinin etnogenez tarixi, ilkin məskunlaşma və şəhər mədəniyyəti yerləri ilə bağlı sistemli tədqiqat işləri aparılıb. Qədim və orta əsrlərə aid ən yeni elmi istiqamət və arqumentlər, müstəqillik dövründə aparılmış arxeoloji tədqiqat materialları ilk dəfə olaraq tədqiqata cəlb edilib. Qeyd olunanlar göstərir ki, “Naxçıvan tarixi” çoxcildliyində bəhs edilən hər bir hadisə və tarixi dövrün arxasında ciddi elmi fakt və dəlillər, konkret arxeoloji materiallar dayanır. Bu isə onun elmi tutumunu və dəyərini daha da artırır. Şübhə yoxdur ki, “Naxçıvan tarixi” kitabı muxtar respublika elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq, təhsil müəssisələri, eləcə də mütəxəssislər və tədqiqatçılar ondan ilkin və obyektiv mənbə kimi faydalana biləcəklər. Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatda çap olunmuş kitab muxtar respublikada tarix elminin ciddi nailiyyəti, Azərbaycan tarixşünaslığına qiymətli töhfədir.

Əli Həsənov nəşri Azərbaycanın bu qədim torpağının tarixi, arxeologiya və etnoqrafiyası, folkloru və milli dəyərlərinin araşdırılması sahəsində ardıcıl və sistemli işin, düzgün elmi istiqamətin bəhrəsi kimi dəyərləndirib.

Tədbirdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunundirektoru, professor Fəxrəddin Səfərli, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Akif İmanlı çıxış edərək “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin elmi əhəmiyyəti və tarix elminin inkişafındakı rolundan bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: