Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.10.2017 12:33
  • A-
  • A
  • A+

Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Rəyasət Heyətində Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Ştekl və bu müəssisənin yaradıcısı və keçmiş rəhbəri Stanislav Pospişil ilə görüş keçirilib.

Əsas məqsəd AMEA ilə ÇETFİ-nin müvafiq sahələrdə əməkdaşlıq imkanları və iki elmi qurum arasında imzalanacaq müqavilənin əsas müddəalarını müzakirə etmək idi.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm TağıyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovİşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə öncə qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi qurumda prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar və həyata keçirilən layihələr barədə məlumat verib. A.Əlizadə AMEA-nın beynəlxalq əlaqələrindan söz açaraq vurğulayıb ki, bu qurum 10-dan çox Avropa ölkəsi ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. O, AMEA-da 3 ildir ki, magistratura təhsilinin həyata keçirildiyini qeyd edərək əsas məqsədin gənc tədqiqatçıları elmə cəlb etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Akademik A.Əlizadə yaxın gələcəkdə akademiyada universitetin də təşkilinin nəzərdə tutulduğunu qeyd edib.

Sonra çıxış edən ÇETFİ-nin direktoru İvan Ştekl rəhbərlik etdiyi institutda yerinə yetirilən tədqiqat işləri, kosmik sahədə aparılan araşdırmalar və əldə olunan yeniliklər barədə məlumat verib. O, Çexiyada müvafiq sahədəki elmi təcrübənin AMEA-da tətbiqi üçün lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.

Qonaqlar AMEA-nın Fizika, Geologiya və Geofizika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Yüksək Texnologiyalar Parkı və digər elmi müəssisələri ilə tanış olaraq buradakı müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları və görülən işləri yüksək qiymətləndiriblər, müvafiq qurumlarla əməkdaşlıq etməkdə maraqlı olduqlarını ifadə ediblər.   

ÇETFİ-nin nümayəndələri, həmçinin hazırladıqları teleskopa bənzər peyklərə quraşdırılan cihaz və digər dronlar haqqında məlumat veriblər. Bildirilib ki, nəzərdə tutulan əməkdaşlığın əsas məqsədi NASA, Avropa Komissiyası və Yaponiyanın Aerokosmik Agentliyinin ən yüksək tələblərinə cavab verən layihələr həyata keçirməkdir.

Görüşün sonunda hər iki qurum əməkdaşlıq müqaviləsi çərçivəsində eksperimental tədqiqatları əsas tutaraq fundamental elmlər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tətbiqi xarakterli işlərin görülməsi istiqamətində fikir mübadiləsi aparıblar. Hər il görülmüş işlərin nəticələrinə və gələcək planlara həsr olunan seminarların keçirilməsi, informasiya və kadr mübadiləsinin aparılması və s. barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: