Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2017 12:23
  • A-
  • A
  • A+

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda beynəlxalq konfrans keçirilib

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladıb. O, Azərbaycanın İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr verdiyini bildirib.

"Cari ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması dünyada İslama qarşı aparılan düşmənçilik siyasətinə və İslamafobiyaya ən tutarlı cavabdır" - deyən akademik İ.Həbibbəyli AMEA-nın Tədbirlər Planı çərçivəsində Şərqşünaslıq, Fəlsəfə, İqtisadiyyatDilçilik institutlarının təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli"nə həsr olunan silsilə tədbirlərin keçirildiyini, bu istiqamətdə mühüm tədqiqatların aparıldığını diqqətə çatdırıb.

İ.Həbibbəyli AMEA, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Finlandiya, Türkiyə, Rusiya və Özbəkistanda silsilə konfransların keçirildiyini xatırladıb,“İslam Həmrəyliyi İli”nin yekunlarına dair zirvə toplantısının isə bu il dekabr ayının 21-də dövlət səviyyəsində qeyd olunacağını qeyd edib.

Vitse-prezident çıxışının sonunda konfransın işinə uğurlar diləyib, iclasların səmərəli keçəcəyinə əminliyini ifadə edib.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək əlyazmaların toplanması, nəşri və qorunub saxlanması sahəsində son dövrdə görülən işlərdən danışıb. Dünya kitabxanalarında Azərbaycana aid zəngin xəzinənin mövcud olduğunu söyləyən alim onların tədqiq edilib ictimaiyyətə təqdim olunmasının vacibliyini vurğulayıb. T.Kərimli sözügedən əlyazmalarda Azərbaycanın mədəniyyəti, tarixi və milli-mənəvi dəyərləri barədə zəngin fakt və materialların əksini tapdığını bildirib. Akademik həmin xəzinənin dünyaya çatdırılması istiqamətində beynəlxalq konfransın mühüm rol oynayacağını qeyd edib.

Tədbir öz işini plenar iclasla davam etdirib. İclasda Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli “Koroğlu”nun Paris və Tiflis nüsxələri dünya kitab dövriyyəsində”,  institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Həcc səfərləri marşrutları xatirə və səfərnamələrdə”, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, filologiya elmləri doktoru, professor Xəlil Yusifli “Nizami Gəncəvi əsərlərinin əlyazmaları və elmi-tənqidi nəşrləri”, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Akademik Vasim Məmmədəliyevin Azərbaycanda İslam həmrəyliyində rolu” və Təbriz Azad Universitetinin professoru Məhəmməd Amin Sultan Ol-Qurrai “Təbrizli Saibin “Külliyyatı”nın nadir əlyazma nüsxəsinin tanıtımı” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: