Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Vaşaqlar” və ya “Diribaşlar” akademiyası
12.11.2013 00:00
  • A-
  • A
  • A+

“Vaşaqlar” və ya “Diribaşlar” akademiyası

Sözün müasir mənasında Elmlər Akademiyası ilk dəfə XVII əsrdə meydana gəlmişdir. Yeni yaranan akademik elmlə yanaşı, həvəskar elm də mövcud olmaqda davam etmişdir.

 

1603-cü ildə ilk elm məbədgahı olan Dei Linçei Akademiyasını (“Accademia dei Lincei”) italiyalı zadəgan Federiko Cezi yaratmışdır. Akademiya qədim yunan mifoloji personaj Linkeyin şərəfinə belə adlandırılmışdır. Elm üçün simvolik olan itigözlülük, uzaqgörənlik kimi xüsusiyyətləri özündə cəmləşdirən bu elm ocağı el arasında “Vaşaqlar” və “Diribaşlar” Akademiyası kimi də tanınmışdır. Onun fəaliyyəti, əsasən fizika sahəsində elmi bilikləri öyrənmək və yaymaq olub.

 

1645-ci ildə İngiltərənin görkəmli alimi Con Uilkins tərəfindən digər akademiyanın əsası qoyulmuşdur. “Görünməmiş kollegiya” adı ilə məşhurlaşmış elmi təşkilat 1660-cı ildən London Krallıq Birliyi (The Royal Society of London) adı altında fəaliyyətini davam etdirmişdir.

 

1666-cı ildə Parisdə növbəti Elmlər Akademiyası (Académie des Sciences) açılmışdır. London birliyi kimi, o da 1657-ci ildə fəaliyyətə başlayan Florensiya Akademiyasının təcrübəsinə əsasən formalaşmışdır. Digər Avropa ölkələrindəki akademiyalar da bu nümunə əsasında yaradılmışlar. Akademiyalar bütövlükdə Avropa elminin inkişafına güclü təsir göstərmişlər. İlk elmi institutlar da London Krallığı Birliyi və Paris Elmlər Akademiyasında təşkil olunmuşdur. Bu akademiyalar tezliklə dövlət dəstəyi almış, onların üzvlərinə isə müxtəlif sosial imtiyazlar verilmişdir. Eksperimental tədqiqatların aparıldığı sözügedən institutlar elmin sosial statusunun yüksəlişi nəticəsində yaranaraq özünüidarə sistemi ilə işləyən elmi birliklər kimi fəaliyyət göstərmişlər.

 

Hazırda dünyada 200-dən artıq elmlər akademiyası mövcuddur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: