Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI
14.02.2018 08:30
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 13 fevral tarixli
Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə son illərdə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olmuş, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.

Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir.

“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) ölkəmizdə sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, sitrus meyvələrinin istehsalının stimullaşdırılmasına yönəldilmişdir.

2. Azərbaycanda sitrus meyvəçiliyinin mövcud vəziyyəti

Sitrus bitkiləri qrupuna aid olan naringi, portağal və limon müvafiq xarici mühit və xüsusi texnoloji qulluq tələb etdiyi üçün Azərbaycanda məhdud ərazidə (Lənkəran iqtisadi rayonu) becərilməsinə baxmayaraq, sitrus meyvələrinin istehsalı ölkənin kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda sitrus meyvəçiliyinin inkişafının əsası 1930-cu ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan Subtropik Bitkilər Sovxozunun yaradılması ilə qoyulmuş və onun 500 hektara yaxın ərazisində limon, naringi, portağal, feyxoa, çay, nəcib dəfnə və s. bitkilərin becərilməsinə başlanılmışdır.

1930-cu ildən etibarən ölkədə sitrus meyvə bağları sahələrinin planlı surətdə artırılmasına başlanılmış, bu sahənin inkişafı 70–80-ci illərdə daha da sürətlənmişdir. Bu dövrdə Lənkəran iqtisadi rayonunda aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində bölgədə digər subtropik bitkilərlə yanaşı, sitrus bitkilərinin sahələri də əhəmiyyətli dərəcədə genişləndirilmişdir.

90-cı illərin əvvəllərində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, sitrus meyvəçiliyi sahəsində də tənəzzül yaşanmış, sitrus meyvə bağlarının bir qismi ləğv edilərək yerində dənli-taxıl, tərəvəz və digər bitkilərin becərilməsinə başlanılmışdır. Bununla belə, mövcud bağların konstruksiyasının dəyişdirilməsi hesabına məhsul istehsalının kəskin azalması baş verməmişdir.

Rəsmi statistik məlumatlara əsasən, ölkəmizdə meyvə bağlarının sahəsi 2000-ci ilə qədər sürətlə azalmağa başlamış, 2000-2008-ci illər ərzində azalma nisbətən səngimiş, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının sürətlə genişlənməsinə səbəb olmuşdur.

2017-ci ildə ölkədə sitrus bağlarının ümumi sahəsi 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar təşkil etmiş, məhsul istehsalı isə 2,2 dəfə artaraq 42,8 min tona çatdırılmışdır. 2017-ci ildə ölkəmizə 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilmişdir.

“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamı sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli mühit yaratmışdır.

3. Dünyada sitrus meyvəçiliyinin inkişaf meyilləri

Vətəni Şərqi Asiya olan sitrus meyvələrinin (portağal, limon, naringi, qreypfrut və s.) istehsalına XIX əsrdə ABŞ-da başlanılmış və sürətlə digər ölkələrə də yayılmışdır. Sitrus meyvələri dünyada ən çox yetişdirilən meyvə qrupuna daxil olmaqla, əsasən 40 dərəcə cənub və şimal enlikləri arasında yerləşən tropik və subtropik iqlimə malik ölkələrdə becərilir. Bu bitkilərin meyvələrindən qida məhsulları kimi, qabıqlarından, yarpaqlarından və çiçəklərindən alınan uçucu efir yağlarından isə ətriyyat istehsalında geniş istifadə edilir.

BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatlarına əsasən, son on il ərzində dünyada sitrus bitkilərinin əkin sahələri orta hesabla 24 faiz artaraq, təxminən 9 milyon hektar təşkil etmişdir. 2014-cü ildə dünya ölkələri üzrə 139,8 milyon tona yaxın sitrus meyvələri istehsal olunmuşdur ki, bunların da təxminən 52 faizini (72,3 milyon ton) portağal, 22 faizini (30,4 milyon ton) naringi, 12 faizini (16,3 milyon ton) limon, 6 faizini (8,4 milyon ton) qreypfrut, 9 faizini (12,5 milyon ton) isə digər sitrus meyvələri təşkil etmişdir.

Dünyada istehsal olunan sitrus meyvələrinin 24 faizi Çin Xalq Respublikasının, 15 faizi Braziliyanın, 8 faizi ABŞ-ın, 6 faizi Hindistanın, 5 faizi Meksikanın, 4 faizi İspaniyanın, 3,7 faizi Türkiyənin, 3 faizi Misirin payına düşür.

FAO-nun məlumatlarına əsasən, Avropa ölkələrinə ixracatçılar tərəfindən ildə 13,5 milyard ABŞ dolları dəyərində 15 milyon tona yaxın və ya istehsal olunmuş məhsulun 10-15 faizi həcmində sitrus meyvələri ixrac edilir. Hazırda İspaniya (3,6 milyard ABŞ dolları), ABŞ (1,0 milyard ABŞ dolları), Çin Xalq Respublikası (970 milyon ABŞ dolları) və Cənubi Afrika Respublikası (900 milyon ABŞ dolları) ölkələri dünyanın ən böyük sitrus meyvələri ixracatçıları hesab olunurlar.

Rusiya Federasiyası, Fransa, Almaniya, Hollandiya və Böyük Britaniya sitrus meyvələrinin ən çox idxal edildiyi ölkələrdir. Azərbaycan məhsullarının da ixrac olunduğu Rusiya Federasiyası tərəfindən 2016-cı ildə 1,2 milyard ABŞ dolları həcmində sitrus meyvələri idxal edilmişdir ki, bu da dünya üzrə idxal edilmiş məhsulların 9 faizini təşkil edir.

4. Dövlət Proqramının məqsədi və vəzifələri

4.1. Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

4.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

4.2.1. sitrus meyvəçiliyinin inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;

4.2.2. sitrusçuluq sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması;

4.2.3. sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi;

4.2.4. sitrus meyvəçiliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;

4.2.5. sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

4.2.6. sitrus meyvəçiliyi sahəsində yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;

4.2.7. sitrus meyvə məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;

4.2.8. sitrus meyvə məhsullarının ixracının dəstəklənməsi və təşviqi;

4.2.9. sitrus meyvəçiliyi sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi.

5. Sitrus meyvəçiliyinin inkişafının əsas istiqamətləri

5.0. Azərbaycanda sitrus meyvəçiliyinin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri tədbirlərin görülməsi nəzərdə tutulur:

5.0.1. sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi;

5.0.2. sitrus meyvə bitkilərinin yetişdirilməsi üçün infrastruktur təminatının yaxşılaşdırılması;

5.0.3. sitrus meyvə bitkilərinin tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;

5.0.4. sitrus meyvələri istehsalı sahəsində müasir texnika ilə təminatın gücləndirilməsi;

5.0.5. sitrus meyvələrinin rəqabət qabiliyyətinin artırılması və ixracının təşviqi, sahə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması.

6. Dövlət Proqramının maliyyələşmə mənbələri

6.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

6.0.1. dövlət büdcəsi;

6.0.2. büdcədənkənar fondlar;

6.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;

6.0.4. yerli və xarici investisiyalar;

6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

7.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcəkdir.

7.2. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

8. Dövlət Proqramının həyata keçirilməsi üzrə

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

İcraçılar

8.1. Sitrus meyvəçiliyinin inkişafı üzrə institusional tədbirlər

8.1.1.

Sitrusçuluq sahəsində mövcud standartların beynəlxalq  tələblərə uyğunlaşdırılması

2018–2020

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Kənd Təsərrüfatı Nazirliyi

8.1.2.

Sitrusçuluq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi

2018–2021

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

8.1.3.

Sitrus meyvələrinin istehsalı və ixracı sahəsində mütərəqqi təcrübəsi olan  xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Xarici İşlər Nazirliyi

8.1.4.

Sitrusçuluq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması

2018–2019

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Maliyyə Bazarlarına Nəzarət Palatası

8.2. Sitrus meyvəçiliyi sahəsində elmi təminatın və
kadr potensialının gücləndirilməsi

8.2.1.

Sitrusçuluqla məşğul olan müvafiq elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

2018–2020

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi,

Elmin İnkişafı Fondu

8.2.2.

Peşə-ixtisas və ali təhsil müəssisələrində sitrus meyvəçiliyi sahəsi üçün ixtisaslı kadrların hazırlanmasının təşkili

2018–2022

Kənd Təsərrüfatı Nazirliyi,

Təhsil Nazirliyi

8.2.3.

Sitrus bitkiləri ilə bağlı elmi tədqiqatların nəticələrinin tətbiqinə dair təkliflərin hazırlanması

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

 

8.3. Sitrus meyvəçiliyinin infrastruktur təminatının yaxşılaşdırılması

8.3.1.

Yeni ərazilərdə sitrus meyvə bağlarının salınması məqsədi ilə torpaqların müəyyən edilərək əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi

2018–2021

Nazirlər Kabineti,

Kənd Təsərrüfatı Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

 

8.3.2.

Sitrus meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi

2018–2025

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC,

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi

 

8.3.3.

Sitrus meyvə bitkilərinin tinglik təsərrüfatının yaradılmasının və maddi-texniki bazasının gücləndirilməsinin dəstəklənməsi

2018–2021

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

8.3.4.

Sitrus meyvələrinin saxlanılması, çeşidlənməsi və qablaşdırılması üzrə fəaliyyət göstərən müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi və yenilərinin yaradılmasının dəstəklənməsi

2018–2021

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

8.4. Sitrus meyvəçiliyi sahəsində dövlət dəstəyi tədbirləri

8.4.1.

Yeni sitrus meyvəçiliyi təsərrüfatının yaradılmasının dəstəklənməsi

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi

8.4.2.

Sitrus meyvələrinin istehsalı sahəsində fəaliyyət göstərən fermerlərə müasir aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, logistika və sair sahələrdə məsləhət xidmətlərinin təşkili

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

İqtisadiyyat Nazirliyi,

“ABAD” publik hüquqi şəxs

8.4.3.

Sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi

2018–2025

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

8.4.4.

Müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsi

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

8.4.5.

Sitrusçuluq sahəsinin texnika, maşın və mexanizmlərlə təminatının yaxşılaşdırılması

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

Maliyyə Nazirliyi

8.4.6.

Sitrus meyvə bağlarının mineral və üzvi gübrələrlə təminatının yaxşılaşdırılması

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi

8.5.  Sitrus meyvəçiliyi sahəsində marketinq fəaliyyətinin
gücləndirilməsi və ixracın təşviqi

8.5.1.

Sitrus meyvə istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, sitrus meyvələri ixracının təşviqi

2018–2025

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

8.5.2.

Sitrus məhsulları üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfrans, festivallarda iştirak, qabaqcıl nailiyyətlərə görə mükafatlandırma və digər tədbirlərin həyata keçirilməsi

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

8.5.3.

Sitrus məhsullarının istehsalı və emalı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi

2018–2025

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

 

  • Paylaş: